Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fəaliyyət göstərən İtaliya - Azərbaycan Dizayn Mərkəzi nəcib təşəbbüslə çıxış edib.

 

AzMİU-dan bildirilib ki, mərkəz universitetin memarlıq fakültəsinin tələbələri ilə birgə Avropa dövlətləri arasında COVİD-19 koronavirus pandemiyasından ən çox zərər çəkən İtaliya Respublikasına dəstək xarakteri daşıyan “CE LA FAREMO, ITALİA!” layihəsini ərsəyə gətirib.

 

“Biz bu bəlanın öhdəsindən bərabər gələcəyik, İtaliya” şüarı ilə hazırlanan videoçarxda tələbələr İtaliyaya mənəvi dəstəklərini, onların ağrılarına acıdıqlarını, bu dəhşətli bəlaya qalib gəlmək üçün bərabər olduqlarını müxtəlif bədii forma və dizayn tərtibatları ilə hazırladıqları maskalar üzərindən çatdırmağa çalışıblar.

              

Layihədə iştirak edən 18 tələbə 29 fərqli iş nümayiş etdirib. O da qeyd olunub ki, layihə onlayn formatda həyata keçirildiyinə görə daha geniş iştirakçı kütləsini cəlb edə bilib. Belə ki, tələbələrdən başqa, layihədə 3 nəfər də qonaq qismində iştirak edib və onların işləri layihənin videoçarxında “Qonaqlarımız” bölməsində nümayiş olunub. Videoçarxın sonunda ölməz sənətkarımız Müslüm Maqomayevin ifasında məşhur “Bella, ciao!” mahnısı da səsləndirilib.

 

Məlumat üçün qeyd edək ki, İtaliya - Azərbaycan Dizayn Mərkəzi tərəfindən mütəmadi həyata  keçirilən bu tip layihələr tələbələrdə karantin zamanı yaradıcılıq fəaliyyətindən geri qalmamaq, ruh yüksəkliyini saxlamaq, həmrəylik və humanist təşəbbüslər  nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bu baxımdan qeyd olunan layihə davamlı nəzərdə tutulur  və yaxın zamanlarda yeni mövzular təqdim ediləcək.