Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda Respublika virtual Elmi konfransı keçirilib.

 

Universitetin rektoru Elçin Babayev Ulu öndərin  çoxşaxəli fəaliyyətindən, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlardan, Azərbaycan ədəbiyyatı və ana dilinin inkişafı yolunda misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki,  Heydər Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi, əsərlərinin akademik nəşrlərinin hazırlanması, başqa dillərə tərcümə olunub yayılması ədəbiyyat xadimlərinin və ədəbi nəşrlərin dövlət qayğısı ilə əhatə olunmasına əyani sübutdur.

      

BDU-nun filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov “Heydər Əliyevin dil siyasəti”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov “Dövlətçilik və dil”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” və digər alimlər Ulu öndərin həyat və fəaliyyətinə aid mövzularda çıxış ediblər.

 

Məruzələrdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması yönündə apardığı məqsədyönlü siyasətdən bəhs olunub.

 

Sonda konfransın moderatoru Elçin Məmmədov statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunmuş konfransı 100-dən çox iştirakçı dinləyib.