Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq onlayn şəkildə semestr imtahanları keçirilib.

 

Universitetdən bildirilib ki, ümumilikdə 148 qrupda   səhər 09:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub. Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı bir problem yaranmayıb. Tələbələr imtahanda fəallıq göstəriblər.

 

Qeyd olunub ki, imtahan öncəsi tələbələrə bəzi  güzəştlər olunub. Belə ki, imtahana qədər hər tələbəyə 30 bal bonus olaraq yazılması ilə yanaşı, təqdimat və ya sərbəst işlərə görə də 0-20 bal yazılıb. Bundan əlavə, onlayn dərslərdə aktivliyə görə müəllimin tələbəyə 0-10 bal arası əlavə bal vermək imkanı var. Bu da sözsüz,  tələbələrin semestr imtahanlarını uğurla başa vurmasına dəstək kimi dəyərləndirilir.

 

Bildirilib ki,  ADNSU-da iyunun 8-dən start götürən onlayn yay imtahan sessiyası iyulun 12-də yekunlaşacaq. İmtahanda  hansısa səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada sentyabrın 1-dən 15-ə qədər növbəti dəfə imtahan verə biləcəklər.