Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada öz işinə başlayıb.

 

Ali məktəbdən bildirilib ki, bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyasının ilk günündə onlayn qaydada şifahi formada imtahan veriblər.

 

BDU-nun  rektoru Elçin Babayev onlayn imtahan prosesini izləyib və tələbələrə bildirib ki, müəllimlərin obyektiv, şəffaf, ədalətli qiymətləndirmə aparacağına əmindir. Rektor onlayn imtahanların Azərbaycan təhsili tarixində ilk dəfə keçirildiyini deyib. O, həmçinin imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi, hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun, əhatəlilik meyarı əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini vurğulayıb.

 

Qeyd edək ki, imtahanların ilk günü  bakalavriat pilləsində təhsil alan 216 qrup üzrə 5072 (259 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 44 fənn üzrə 269 magistrant imtahan verib.

 

İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib.