Bakı Dövlət Universitetinin (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan  “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin  kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıb. Rektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

 

E.Babayev  əldə edilmiş uğurlarda fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edərək bildirib ki, BDU-ya  həmişə qayğı və sevgi ilə yanaşan alim yetmiş ildən artıq dövrdə topladığı kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı universitetin Elmi kitabxanasına vəsiyyət edib.

 

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Müasir  kitabxana quruculuğunun təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Elektron nəşrlər və elektron nəşriyyatlar müasir informasiya çağrışları kontekstində”, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxana-informasiya fəaliyyətində multikulturalizm: yeni çağırışlar və gələcəyə baxış” mövzularında məruzə ilə çıxış ediblər.

 

Digər məruzəçilərin də məruzələrində kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib.