Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin tələbə fəalları ilə video-konfrans formatında görüş keçirib. Görüşdə tədris işləri üzrə prorektor Akif Qasımov və fakültə dekanları iştirak ediblər.

 

Universitetdən bildirilib ki,  rektor koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə aparılan işlərdən, dövlət başçısı İlham Əliyevin vaxtında verdiyi əhəmiyyətli qərarlar nəticəsində koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərdən danışıb. Eyni zamanda  pandemiyanın digər  sahələrdə olduğu kimi,  təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə də toxunub.

 

G.Məmmədova AzMİU-da  onlayn dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Belə ki, 240-dan çox akademik heyətin cəlb edildiyi onlayn dərslərdə 170 mindən artıq qatılma qeydə alınıb. Mərkəzi dərs cədvəli üzrə 2500-dən artıq, mərkəzi cədvəldən kənar fərdi qaydada isə müəllimlər tərəfindən 1500-ə yaxın onlayn dərs keçirilib. Görülən işlər nəticəsində universitetin 5000-dən çox videodərs və 10000-dən çox elektron mühazirə, eləcə də dərs vəsaitindən ibarət rəqəmsal tədris bazası formalaşıb.

 

Rektor yay imtahan sessiyası ilə əlaqədar universitet Elmi Şurasının qəbul etdiyi qərarlar və onlayn rejimdə keçiriləcək imtahan qaydaları ilə bağlı tələbələrə ətraflı məlumat verib, AzMİU-da yazılı imtahanlarda sualların sayının azaldılması, test imtahanlarının sadələşdirilməsi və başqa güzəştlərin tətbiq olunduğunu da bildirib.

 

Sonda tələbələri narahat edən suallar cavablandırılıb.