Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

 

Universitetin rektoru Elçin Babayev Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. E.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində blokadadan çıxdı, ölkəmizin imici gücləndirildi:”Azərbaycan dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzunu gün-gündən artıran dövlətə çevrildi, yeni iqtisadi uğurlara imza atdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq, siyasi sabitlik yarandı, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş, xalqın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı”.

 

Rektor əlavə edib ki, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri də misilsizdir.

 

Daha sonra millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Milli qurtuluş Azərbaycan dövlətçiliyinin müasir inkişaf strategiyasının təməlidir” məruzəsi ilə çıxış edib. Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov “Ulu Öndərin siyasi irsi”, millət vəkili, professor Anar İsgəndərov “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev”, millət vəkili Elnur Allahverdiyev “Müasir Azərbaycanın iqtisadi inkişafı milli qurtuluşdan başlayır” və digər məruzəçilərin Milli Qurtuluş Günü mövzusundakı çıxışları maraqla qarşılanıb.  

 

Çıxışlarda xalqımızın tarixinə böyük xilaskar kimi adını həkk etdirən dahi şəxsiyyət Heydər Əliyevin müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrdən, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən geniş bəhs olunub. Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətəninə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan, 120-dən artıq iştirakçının qatıldığı elmi konfrans  sualların cavablandırılması ilə yekunlaşıb.