Sumqayıt Dövlət Universitetinin (SDU) Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, kimya elmlər doktoru, professor, Əməkdar müəllim Əkbər Ağayev Türk Dünyası Araşdırmaları İlimlər Akademisi Akademik üyesi (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü) seçilib.

 

SDU-dan bildirilib ki, Akademiyanın rəhbəri Prof. Dr. Hasan Ahmet və baş katibi Prof. Dr. Tuncay Paltanın 20 fevral 2020-ci il tarixində Ankara şəhərində imzaladıqları qərara əsasən,  Prof. Dr. Əkbər Ağayev müvafiq diplomla, həmçinin Türk Dünyası elminin tərəqqisində göstərdiyi xidmətlərə görə həmin Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub.

 

Akademiyanın əsas məqsədlərindən biri türkdilli ölkələrin müxtəlif sahələrdə çalışan tanınmış alimlərinin mədəniyyət, elm, tarix, təhsil, ədəbiyyat, dil və digər istiqamətlərdə əldə etdikləri önəmli nəticələri üzə çıxarıb onları dəyərləndirmək, Türk dünyasında tanıtmaq,  onlar arasında işbirliyi qurulmasına yardım etməkdir.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası  26 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və qarşıya qoyduğu məqsədlərin əldə olunmasına öz töhfəsini verir.

 

Qeyd edək ki, professor Ə. Ağayev tanınmış kimyaçı alim və pedaqoqdur. O, 410 elmi işin, o cümlədən 20 kitabın, 19 patent və ixtiranın müəllifidir. Elmi əsərlərinin 114-ü xarici ölkələrdə (ABŞ, keçmiş SSRİ, Rusiya, Türkiyə, Almaniya, Avstriya, Norveç, Polşa, Çexiya, Sloveniya, Hindistan, Pakistan, Kipr, Gürcüstan və s.) nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində nəşr olunub.

 

Prof. Dr. Ə.Ağayev Türk Dünyası ölkələrinin universitetləri və kimyaçı alimləri ilə uzun illərdir əməkdaşlıq edir. O, 1999-cu ildə Türkiyənin Kimya Dərnəyinin üzvü seçilib və dəfələrlə həmin cəmiyyətin təşkil etdiyi Ulusal Kimya Konqreslərində plenar və elmi məruzələr edib. Elmi əsərləri Ərzurumdakı Atatürk Universitetində və Səlçuk Universitetində nəşr olunub.