Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib.

 

BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, tədbirin moderatoru Nazim Şəmilov fakültənin əldə etdiyi elmi uğurlardan, ekologiyanın bir elm kimi təşəkkül tarixindən, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb.

 

Universitetin rektoru Elçin Babayev isə çıxışında ekoloji problemlərin həllində dünya təcrübəsindən, Azərbaycanın bu istiqamətdə atdığı addımlardan, regional və beynəlxalq tədbirlərin həyata keçirilməsindən bəhs edib. Rektor BDU-da fəaliyyət göstərən ekologiya və torpaqşünaslıq fakültəsinin yeni yaradılmasına baxmayaraq, ekoloji problemlərin həllində aparılan işlərə öz töhfəsini verdiyini söyləyib.

 

Konfrans iştirakçıların məruzələrinin dinlənilməsi ilə davam edib.

 

Konfransda  Ulu öndər Heydər Əliyevin respublikamızda ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər, yer və bioloji ehtiyatların istismarının elmi əsaslarının yaradılması, palçıq vulkanlarının kimyəvi tərkibi, torpaq resursları və onun qiymətləndirilməsinə təsir edən amillər, biosferaya və təbii sistemlərə insan təsiri ilə bağlı həyatın təşkilinin qanunauyğunluqlarının araşdırılması, insan fəaliyyətinin təsiri altında olan təbiət dəyişikliklərinin proqnozlaşdırılması, insanın yaşadığı mühitin qorunub saxlanılması, aerozol tullantılarının ekoloji təhlili, yararsız hala gəlmiş torpaq ehtiyatlarının yenidən qurulması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan Respublika elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.