Bakı Mühəndislik Universitetinin (BMU) maliyyə kafedrasında Maliyyə menecmenti ixtisaslaşması üzrə təhsil alan magistrantların dissertasiya işlərinin  müdafiəsi keçirilib.

 

Universitetdən bildirilib ki, cari pandemiya və xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq magistrantlar hazırladıqları dissertasiya işlərini onlayn müdafiə ediblər. Bu formatın yeni olmasına baxmayaraq, BMU-da texniki infrastrukturun mövcudluğu, eləcə də müəllim heyətinin distant tədrisdə təcrübəli olması onlayn müdafiələrin yüksək səviyyədə təşkilinə imkan yaradıb. 

 

Müdafiə prosesində ixtisaslaşdırılmış Elmi Şuranın sədri, dosent Elçin Süleymanov, sədr müavini, dosent Mayis Əzizov, üzvlər - dosent Saleh Məmmədov və  Füzuli Əliyev, Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Rauf Məmmədov iştirak edib.

 

Magistrantlar vergi, maliyyə siyasəti, maliyyələşmə məsələləri, Dövlət Neft Fondunun gəlirləri və s. mövzularda tədqiqatlarını təqdim ediblər. Müdafiə prosesində kriptovalyutaların investisiya vasitəsi kimi araşdırılması, iqtisadi böhranların dövlət büdcəsinə təsiri, davranış maliyyəsi və s. kimi müasir tədqiqat mövzuları geniş müzakirə edilib.