Ukrayna Respublikasının Təhsil və Elm Nazirliyinin dəstəyi ilə Mixail Ostroqradski adına Kremençuq Milli Universitetində onlayn formada 10 ixtisas üzrə Tələbə elmi əsərlərinin Beynəlxalq müsabiqəsi keçirilib.

 

Beynəlxalq müsabiqə  “İqtisadiyyat”, “Menecment”, “Sahibkarlıq, ticarət və birja fəaliyyəti", "Ekologiya", "Elektrik enerjisi sənayesi, elektrik mühəndisliyi və elektromexanika", "Avtomobil nəqliyyatı", "Nəqliyyat texnologiyaları", "Peşə təhsili", "Filologiya", "Avtomatika və kompüter inteqrasiya olunmuş texnologiyalar" mövzularını əhatə edib.

 

Bu barədə Bakı Slavyan Universitetindən (BSU) məlumat verilib. Bildirilib ki, tədbir xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təşkil edilib. Müsabiqə komissiyası dünyanın 23 ölkəsinin 102 universitetindən təqdim olunmuş elmi işləri ətraflı araşdırıb. Yekun konfransında, ümumilikdə 300-dən çox tələbə Ukrayna, Polşa, ABŞ, Türkiyə, Çexiya, Gürcüstan, Belarus, Slovakiya, İraq, Macarıstan, İtaliya, Qazaxıstan, Fransa, Almaniya, Bolqarıstan, Çin, İsrail və Böyük Britaniyanı təmsil edib. Elmi məruzələrin dinlənilməsi və işlərin müdafiəsi nəticələrinə əsasən, hər bir ixtisas üzrə qaliblər müəyyənləşdirilib, I-II-III dərəcəli diplom və sertifikatlara layiq görülüblər.

 

Çerniqov Milli Texnologiya Universitetinin (ÇMTU) tələbələri Mixail Xomenok və Vladimir Qurski birinci dərəcəli diplomla təltif olunublar. Tələbələrin elmi işlərinə rəhbərliyə görə BSU-nun  Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov və ÇMTU-nun  Marketinq, PR texnologiya və logistika kafedrasının dosenti Sergey Polkovniçenko beynəlxalq sertifikata layiq görülüblər.

 

Qeyd edək ki, ÇMTU və  BSU arasında imzalanmış müqaviləyə əsasən, ÇMTU-da 2017-ci ilin sentyabından Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir; hər iki universitet arasında elm və təhsil sahəsində əməkdaşlıq həyata keçirilir.