Bakı Dövlət Universitetində (BDU)  “COVİD-19 üçün nanoterapevtik strategiyalar və gələcək perspektiv“ mövzusunda onlayn elmi seminar keçirilib.

 

Mövzu üzrə təqdimatla çıxış edən İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekhari COVİD-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusun replikasiyası və molekulyar divergensiyası, onun MERS və SARS növləri, eyni zamanda vaksinlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.

 

Alimin koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz müdaxilə tədbirlərinə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Virtual seminara qoşulan BDU-nun rektoru Elçin Babayev bu tip maarifləndirici seminarların keçirilmə əhəmiyyətindən söz açaraq, Marağa Universitetinin professoru Aziz Eftekhariyə uğurlar arzulayıb. Qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışan rektor əlavə edib ki, universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamaq lazımdır.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.