Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimləri dünyanın  nüfuzlu ali teatr təhsili müəssisələrindən olan Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak ediblər.

 

ADMİU-dan verilən məlumata görə, peşəkar aktyorlar, rejissorlar və teatr pedaqoqları üçün nəzərdə tutulan kurslar yarım ay davam edib və aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti istiqamətləri üzrə təşkil olunub.

 

Kurslara universitetin "SABAH" qruplarının və teatr sənəti fakültəsinin müəllimləri- Mehriban Zəki, Pərviz Məmmədrzayev, Böyükxanım Məmmədbəyova, Nicat Kazımov, Kəmalə Mehdiyeva, Yaqut Paşazadə, Gümrah Ömər, Nofəl Vəliyev, Ruslan Şöhrətoğlu, Ceyhun Dadaşov və Nargilə Qəribova qatılıb.

 

Ali məktəbin  müəllimləri ixtisasartırma kurslarında QİTİS-in rektoru Q.Zaslavski, Rusiyanın Xalq artisti, Dram rejissorluğu kafedrasının müdiri, professor İ.Rayhelhauz, Rusiyanın Əməkdar incəsənət xadimləri, professorlar- İ.Promptova və A.Barmak, Səhnə plastikası kafedrasının müdiri A.Zakirov kimi görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.

 

Bildirilib ki, iştirakçı müəllimlərə ixtisasartırma proqramında iştiraklarını təsdiqləyən vəsiqələr təqdim olunacaq.