Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə "Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər" mövzusunda onlayn vebinar keçirilib.

 

Tədbirin moderatoru, adıçəkilən fakültənin Gender və tətbiqi psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən  "İnkişaf" Respublika Elmi-Praktik Mərkəzinin  direktoru, professor Rəna İbrahimbəyova mərkəzin nailiyyətlərindən söz açıb. Qeyd edib ki, COVID-19  pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbi ilə BDU-da dərslər, eləcə də yaz imtahan sessiyası onlayn keçirilib və uğurla yekunlaşıb.

 

Mərkəzin aparıcı elmi işçisi Zülfiyyə Veysova "Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər" mövzusunda təqdimatla çıxış edib. Məsafədən dərslərin təşkilinin ölkəmizdə ilk təcrübə olduğunu bildirən Z.Veysova pandemiya şəraitində təhsildə baş verən dəyişiklik: dünya və təcrübə, onlayn dərsin keyfiyyəti, monitorinq və qiymətləndirmə, onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi, davamiyyət və fəallıq, ümumi psixoloji durum kimi məqamlara aydınlıq gətirib.

 

Daha sonra mərkəzin elmi işçiləri Bahar Kərimova, İradə Zamanova, Vəfa Məmmədova, İradə Məmmədova, Həbib Kərimov müasir təlim texnologiyaları, onlayn tədris materiallarının əlçatan olmasını təmin etmək,  məsafədən dərslərin təşkili təcrübəsi və gələcək inkişafı yolları ilə bağlı öz fikirlərini səsləndiriblər.

 

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov bildirib ki, artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər baş verib, innovasiyaların dinamik surəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə  tətbiqi ilə bağlı mühüm addımlar atmağa vadar edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan vebinar sualların cavablandırılması ilə yekunlaşıb.