Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb.

 

BDU-dan bildirilib ki, universitetin Elmi Şurası COVID-19 pandemiyası şəraitində  imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15820 (14543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü SABAH qrupları olmaqla) tələbə, ümumilikdə 4000-ə yaxın fənn üzrə  imtahanda iştirak etdi.

 

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərdi. Universitetin bütün fakültələrində keçirilən imtahanların gedişi Apelyasiya Komissiyası tərəfindən izləndi.

 

Bildirilib ki, sessiya ərzində qərargaha 153 elektron müraciət daxil oldu, onların əksəriyyəti tələbələrin xeyrinə həll edildi. Müraciətlərin 104-ü təbiət, 49-u humanitar fakültələrin payına düşüb.

 

İmtahanların onlayn formada keçirilməsinə baxmayaraq, tələbələr və professor-müəllim heyəti arasında tam demokratik şərait yaradıldı, obyektiv qiymətləndirmə aparıldı. Apelyasiya Komissiyasının sədri, AMEA-nın müxbir üzvü, BDU-nun botanika kafedrasının müdiri Elşad Qurbanov aparılan maarifləndirmə işləri ilə yanaşı, professor-müəllim heyətinin obyektivliyi nəticəsində imtahan sessiyası müddətində komissiyaya müraciət edən tələbələrin sayının kəskin surətdə azaldığını qeyd edib.

 

Beləliklə, universitetin professor-müəllim heyəti onlayn dərsləri yüksək səviyyədə keçməklə yanaşı, imtahan sessiyasını da uğurla başa çatdırdılar.