Artıq beş aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Xüsusi karantin rejiminin tələbləri, ciddi sosial izolyasiya tədbirləri vətəndaşların sağlamlığının qorunmasına xidmət edir, pandemiyanın sürətlə yayılmasının qarşısını alır. Amma sosial təcrid, normal həyatdan ayrılmaq, yeni qaydalara, dəyişikliklərə uyğunlaşmaq müəyyən narahatlıqlar da yaradır. Yaranan stres, tənhalıq hissi, sağlamlıqla bağlı əndişənin artması  insanların psixoloji vəziyyətinə təsirsiz qalmır.  

 

Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması nəticəsində bir çox tələbələr gənclik dövrlərinin ən gözəl anlarından, eləcə də dərslərdə iştirakdan və dostları ilə ünsiyyətdən məhrum oldular. Yaz semestrinin yay imtahan sessiyasının karantin dövrünə düşməsi isə, bəzi tələbələrin imtahan həyacanını, stresini artırmış oldu.

 

Elə bu səbəbdən, Bakı Dövlət Universiteti (BDU) əməkdaş və tələbələrin psixoloji narahatlıqlarının dəf edilməsi istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da yaradılan Psixoloji Yardım Sektoru (PYS) öz fəaliyyətini onlayn şəkildə sistemli quraraq müntəzəm şəkildə  tələbələrlə, əməkdaşlarla  əlaqələr yaratdı, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar dəstək göstərdi.

 

Xüsusi karantin rejimi dövründə PYS tələbə və əməkdaşların məlumatlandırılması, psixoloji vəziyyətinin yaxşılaşdırılması, psixoloji terapiya və dəstək məqsədi ilə COVID-19 virusundan qorunma üsulları haqda, bu dönəmdə stresin yaranma səbəbləri və mübarizə yolları, düzgün yuxu rejiminin təşkili, motivasiyanın formalaşdırılması, o cümlədən, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi kimi mövzularla bağlı ali məktəbin rəsmi veb səhifəsində (bsu.edu.az) məlumatlar yaydı, sosial şəbəkələr vasitəsilə gündəlik paylaşımlar, canlı yayımlar təşkil etdi.

 

BDU-dan verilən məlumata görə, PYS 2019/2020-ci tədris ilinin yaz semesteri müddətində 250-dən çox tələbə və əməkdaşın müraciətinə baxaraq, onlara peşəkar yardım edib. Müraciətlərin əksəriyyəti stress, depressiya, həyəcan, təşviş, yalnızlıq sindromu, yuxu pozuntuları, ailədaxili münasibətlərin pozulması ilə əlaqədar olub. PYS həmçinin, 30-dan çox tələbəyə, 10-a yaxın əməkdaşa fərdi konsultasiya da təşkil edib.

 

Bildirilib ki, yeni tədris ilində təşkil olunması planlaşdırılan təlimlərə qatılmaq üçün isə 80-ə yaxın tələbənin müraciəti qeydə alınıb.