Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin tədris işləri üzrə dekan müavini, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova beynəlxalq sertifikata layiq görülüb. O,  Amerika Birləşmiş Ştatlarının Stanford Universitetində  onlayn formada “Elmi yazı” adlı kurs keçib və kursun sonunda  91.80 %  bal göstəricisi ilə müvəffəqiyyət qazanıb.

 

Universitetdən bildirilib ki, kursun məqsədi gənc  alimlərə  praktik nümunələr və təlimlərdən istifadə edərək daha yüksək elmi-tədqiqat müəllifi olmağı öyrətməkdən ibarətdir.

 

Sözügedən  kurs “Qrant yazmaq”, “Elmi nəşrdə etik məsələlər”, “Rəy araşdırması”, “Elmi əlyazma formatı”, “Plagiatlığı araşdırmaq və qarşısını almaq”, “Elmi yazını anlama prosesi və müəlliflik meyarlarını müəyyənləşdirmək”, “Dünyada böyük nəşrləri tanımaq”, “Yeni müəlliflər üçün yaranmış problemlərin həlli yolları”, “Yazı etiketinin təcrübədə mükəmməlləşməsi: passiv və aktiv feillərin fərqləndirilməsi, durğu işarələri ilə cümlənin vacibliyinin müəyyənləşdirilməsi, orijinal elmi yazının məsuliyyətini anlamaq”, “Güclü tövsiyə məktubu və güclü şəxsi esse yazmağı anlamaq”, “Bir elmi xəbərin daha geniş auditoriyaya çatdırılması yolları” kimi mövzuları  əhatə edib.

 

Bildirilib ki, iki ay müddətində keçirilən kurs həftədə 3-4 saatı əhatə edib, hər həftə müvafiq tapşırıqlar verilib və sonda imtahan keçirilib.