Avqustun 24-dən start verilən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramında Bakı Dövlət Universitetinin (BDU) 9 məzunu iştirak edir.

 

BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat, tətbiqi riyaziyyat və kibernetika, coğrafiya fakultələrindən və SABAH qruplarından məzun olan namizədlər seçim mərhələsindən uğurla keçərək yay təcrübə proqramına qatılmaq  hüququ qazanıblar.

 

Universitetdən bildirilib ki, təcrübə proqramında iştirak edənlər şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılanlar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq. Proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı yaradılacaq.

 

Qeyd edək ki, adıçəkilən şirkətdə ödənişli təcrübə proqramı 3 aylıqdır (şirkət tərəfindən ödəniş olunaraq) və seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41 nəfər bu mərhələni uğurla keçib.