Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, dosent Zaur İmrani etnik kəndlərin turizm potensialını tədqiq etmək məqsədilə Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edib.

 

İnstitutdan bildirilib ki, mütəxəssis tədqiqat prosesində yaxından iştirak edən AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimovla birlikdə Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ rayonlarında müsəlman və xristian ingloyların, avar, saxur, ləzgi və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirib.

 

Tədqiqat nəticəsində öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib. Bəzi turizm abidələrinin lazımı səviyyədə qorunmaması və mühafizəsinin  aparılmaması, ətraf ərazilərdə natəmizliyin hökm sürməsi, kənd əhalisinin  abidələrin hasara alındığı yerlərdə mal-qara otarması diqqətdən yayınmayıb.

 

Coğrafiyaçı alim qeyd edib ki, bunlara baxmayaraq, tədqiq olunan Mahamalar, Salban, , Qaxbaş, Qum, Kötüklü, Ləkit, Şin, Nic və s. kəndlərin böyük turizm potensialı var və gələcəkdə bu kəndlərə həm yerli, həm də xarici turist axını gözlənilir.