Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının əməkdaşları tərəfindən Lerik rayonu ərazisində dəniz səviyyəsindən 1520 m yüksəklikdə yayılmış Azərbaycanın nadir və qiymətli bitkilərindən olan giləmeyvəli qaraçöhrə populyasiyası tədqiq edilib.

 

Tədqiqatların əsas məqsədi Qafqazda meşəbitmə şəraiti ilə fərqlənən Lerik qaraçöhrəliyinə iqlim amillərinin təsirinin öyrənilməsindən ibarət olub.

 

Amerikanın Minnesota Universitetinin alimləri ilə birgə aparılan oduncaq-halqa nümunələrinin analizi nəticəsində son illərdə ərazidə baş verən temperatur dəyişkənliyinin ilin müxtəlif dövrlərində bitkinin artımına təsiri araşdırılıb. Aparılan tədqiqatlar yüksək elmi maraq doğurduğundan alınmış nəticələr dünyada dendroxronologiya elmi sahəsində ən nüfuzlu hesab olunan “Tree-ring research” jurnalında nəşrə qəbul edilib.