Transfer.edu.az - sadə və şəffaf prosesin iştirakçısı ol!


Transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilən yay semestri üçün tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu artıq başa çatıb. Qeyd edək ki, sənədlərin qəbulu 17-24 avqust tarixlərində aparılıb. Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür.  Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesini sadələşdirmək, şəffaflığı təmin etmək məqsədini daşıyır. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

 

Ali məktəblərə 3001, orta ixtisas təhsili müəssisələrinə isə köçürülmək üçün 1303 nəfər qeydiyyatdan keçib

 

Bu il yay semestri üçün Transfer.edu.az portalı vasitəsi ilə 1303  tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün  qeydiyyatdan keçənlərin sayı isə 3001 nəfər olub. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib. Nəzərə çatdıraq ki, nəticələr sentyabr ayında elan olunacaq.

 

Xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri istisna olmaqla...

 

Ölkəmizdəki xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla bütün ali təhsil müəssisələrinin tələbələri köçürülmədə iştirak etmək hüququna malikdir. Onu da qeyd edək ki, tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi yalnız birinci semestr başa çatdıqdan sonra həyata keçirilir.

 

Köçürülmə zamanı bu meyarlar nəzərə alınır

 

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Bundan başqa, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından da az olmamalıdır.

 

Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

 

Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə), ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə bakalavriat səviyyəsində (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. Magistratura səviyyəsində isə (hüquqşünaslıq ixtisası istisna olmaqla) Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə tələbənin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan həyata keçirilir.

 

DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi ümumi qaydada aparılır. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda isə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal, (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal),  qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində  yer alması məsələləri nəzərə alınır.

 

Bəs, hansı hallar köçürülmə meyarlarına ziddir?

 

Köçürülmə meyarlarına bir sıra meyarlar ziddir. Məsələn, xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. Bundan başqa, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına da yol verilmir.

 

Niyazi RƏHİMOV