Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, professor Füzuli Nəsirov, dosent Lalə Əfəndiyeva və dosent Nigar Rzayeva tərəfindən birgə yazılmış “Oksigenli üzvi birləşmələr kimyası” adlı monoqrafiya çapdan çıxıb.

 

Monoqrafiyada oksigenli üzvi birləşmələr kimyasına aid terminlər və konsepsiyalar hər bir bölmə üzrə ayrılıqda verilib. Eyni zamanda oksigenli üzvi birləşmələr kimyasının əsas istiqamətləri barədə ümumi məlumat, bəzi əsas reaksiyaların mexanizmləri və reaksiya nümunələri də təqdim edilib.

 

Həmçinin oksigenli üzvi birləşmələr kimyası sahəsində Neft-Kimya Prosesləri İnstitutunda yaranmış elmi məktəblərin tədqiqatlarının nəticələri də təhlil olunaraq monoqrafiyada sistemli şəkildə yer alıb. Həmin elmi məktəblər aşağıdakılardır:

 

- Akademik B.Q.Zeynalovun elmi məktəbi;

- Akademik S.C.Mehdiyevin elmi məktəbi;

- Akademik M.Ə.Məmmədyarovun elmi məktəbi;

- Akademik V.M.Abbasovun elmi məktəbi;

- Akademik S.M.Əliyevin elmi məktəbi;

- Professor E.T.Süleymanovanın elmi məktəbi;

- AMEA-nın müxbir üzvü H.M.Əlimərdanovun elmi məktəbi;

- Professor Ç.Q.Rəsulovun elmi məktəbi.

 

Təqdim olunmuş monoqrafiya 2314.01 – “Neft kimyası”, 3303.01 – “Kimya texnologiyası və mühəndisliyi”, 3321.01 – “Neft-qaz-daş kömür emalı və texnologiyası” ixtisasları üzrə doktoranturaya qəbul imtahanları, minimum imtahanları verən doktorant və dissertantlar üçün nəzərdə tutulub. Kitabdan Kimya, Kimya mühəndisi, Mühəndis texnoloq ixtisasları üzrə bakalavr, magistr təhsili alan tələbələr, eyni zamanda müəllimlər də dərs vəsaiti kimi istifadə edə bilərlər.