Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə  Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş  onlayn tədbir keçirilib.

 

Universitetdən bildirilib ki, tədbirdə tarix elmləri namizədi Ələmdar Şahverdiyev, hüquq fakültəsi TGT-nin sədri Firavan Əlizadə, tarix fakültəsi THİK-in üzvü Nigar Abbasova çıxış edərək Əhmədiyyə Cəbrayılovun keçdiyi şərəfli və məşəqqətli ömür yolundan söhbət açıblar.

 

Tədbirdə bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında bu müharibə qəhrəmanının göstərdiyi böyük xidmətlərlərdən, Azərbaycan xalqının mərd oğlu kimi keçdiyi rəşadətli döyüş yolundan geniş bəhs olunub. Onun Kursk ətrafında döyüşlərdə göstərdiyi şücaətdən, Fransanın partizan hərəkatındakı fəailliyyətindən ətraflı danışılıb.

 

1941-ci ildə müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə gedən, Fransa Müqavimət Hərəkatında fəal iştirak edən Ə.Cəbrayılovun əsir düşməsi, əsirlikdən necə azad olması, çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz qəhrəmanlıqları onlayn tədbir iştirakçılarının böyük marağına səbəb olub.