Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə avqustun 13-14-də keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb. İmtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu Əziz Kərimli göstərib. İmtahanın birinci mərhələsində 300 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərən Əziz Kərimli ikinci imtahanda da 400 balla bu uğurunu təkrarlayıb. Bununla da, o, hər iki mərhələnin cəminə görə, maksimum nəticə göstərib.

 

700 bal toplayaraq tələbə adını qazanan Ə. Kərimli həm də respublika fənn olimpiadalarının qalibidir. Ötən il Azərbaycan dili və ədəbiyyat fənni üzrə RFO-da üçüncü, bu il isə birinci yeri tutub: “Olimpiadaya da, qəbul imtahanlarına da məktəbdə hazırlaşdım. Vaxtı düzgün böldükdən və çox çalışdıqdan sonra uğur qazanmaq çətin olmur”.

 

Qeyd edək ki, Əziz ADA Universitetində oxuyacaq: “Hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm. ADA-nı universitetdəki mühitə görə seçdim. Bu mühitdə təhsil alsam, daha bacarıqlı hüquqşünas olacağıma inanıram”.

 

Ruhiyyə