Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib. Qurumdan verilən məlumata görə, İmtahanda iştirak etmək üçün ərizəsini təsdiq etmiş 36140 abituriyentdən 3089 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 14 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan biri – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu H.Abdullayev imtahanın I mərhələsində 300 bal toplayıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu göstərib. Həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplayıb. IV ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 saylı orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 saylı orta məktəbin məzunu göstərib.