Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Coğrafiya İnstitutunun  iki yeni  kitabı çapdan çıxıb.

 

“Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri” adlanan kitabın müəllifi Coğrafiya İnstitutu Coğrafi fikir tarixi şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyev,  elmi redaktoru akademik Ramiz Məmmədovdur.

 

Kitabda çoxillik tədqiqatlar əsasında  ölkəmizdə coğrafiya elminin inkişaf tarixinə, onun formalaşma mərhələlərinə, müasir tədqiqat istiqamətinə dair elmi fikirlər və təcrübi nəticələr ilk dəfə olaraq kompleks  şəkildə dövrlər üzrə təhlil olunub. Burada Azərbaycanda coğrafiya elmi məktəbinin baniləri haqqında geniş məlumat da verilib.

 

Monoqrafiya tədqiqatçı alimlər, tələbələr və geniş ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulub.

 

 “Azərbaycanın tanınmış coğrafiyaçı-iqlimşünas alimləri” adlı digər monoqrafiyanın müəllifləri isə institutun şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları-  Abil Haqverdiyev və Xəyyam Rəhimovdur.

 

Kitabda Azərbaycanda coğrafiya elminin, o cümlədən iqlimşünaslığın əsasını qoymuş görkəmli tədqiqatçı, professor V.İ.Fiqurovskinin, ölkəmizdə istilik balansının tədqiqatçısı və atlasın müəllifi, AMEA-nın müxbir üzvü Ə.M.Şıxlinckinin, Azərbaycanda meteoroloji-sinoptik proseslərin elmi-metodoloji əsasını qoymuş və onların genetik təsnifatını işləyib hazırlamış professor Ə.A.Mədətzadənin,  kompleks iqlimşünaslığın, aqroiqlimşünaslığın inkişafında böyük xidmətləri olmuş  professor Ə.C.Əyyubovun həyat və yaradıcılıqları, elmi-metodoloji konsepsiyaları, fikir və ideyaları öz əksini tapıb.