Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

 

İlk olaraq Azərbaycanda  mövcud olan su təminatı problemi müzakirəyə çıxarılıb. Problemin aktuallığına və yaranma səbəblərinə diqqət çəkən akademik İ.Hüseynova bu il iyulun 23-də Prezident İlham Əliyevin yanında videoformatda keçirilən və su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədən, həmin müşavirədə müvafiq strukturlar, eləcə də AMEA qarşısında qoyulan vəzifələrdən, Prezidentin sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”ndan danışıb.

 

Onun sözlərinə görə, Tədbirlər Planının yerinə yetirilməsinin elmi təminatı məqsədilə AMEA-da İşçi qrup yaradılıb, müxtəlif təşkilatlardan təkliflərin toplanması həyata keçirilib. Ötən dövr ərzində BTEB-nin institutlarının alim və mütəxəssisləri tərəfindən də xeyli sayda təkliflər hazırlanıb və rəhbərliyə təqdim edilib.

 

İclasda qeyd edilən problemlərlə bağlı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru  Əlövsət Quliyevin “Kənd təsərrüfatında suvarmada mövcud problemlər və su ehtiyatlarından səmərəli istifadə” və Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən Pənah Muradovun “Azərbaycanın su ehtiyatlarının yaxşılaşdırılmasının və səmərəli istifadəsinin bioloji aspektləri” adlı elmi məruzələri dinlənilib.

 

Hər iki məruzə ətrafında geniş müzakirələr aparılıb.

 

Sonra akademik İ.Hüseynova AMEA-da magistratura təhsilinin təşkili ilə bağlı görülən işlərdən və bu istiqamətdə həyata keçirilən yeniliklərdən danışıb. Təhsilin bu pilləsinin akademiyada təşkilinin üstünlüklərini qeyd edən natiq AMEA-nın institutlarının magistrlərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbul edilmələrini burada aparılan təhsilin keyfiyyət göstəricisi kimi qiymətləndirib.

 

İclasın gündəliyində yer alan digər məsələ BTEB-in institutlarında doktorantura və dissertanturaya növbəti qəbulun təşkili və keçirilməsi barədə olub. İnstitutlarda qəbul prosesinin yüksək səviyyədə və şəffaf şəkildə təşkili ilə bağlı tapşırıqlar verilib.

 

Daha sonra bir sıra kadr məsələlərinə baxılıb.