Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elm­lər Bölməsi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təş­ki­lat­çı­lı­ğı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-por­ta­lının onlayn təqdimatı ke­çirilib. Təd­bir­də AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin ­rəhbəri, akademik İsa Hə­bib­bəyli, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, aka­demik Rasim Əliquliyev, Nəsimi adına Dilçilik İns­ti­tu­tu­nun direktoru, akademik Möhsün Na­ğısoylu, AMEA-nın müxbir üzvləri- Məsumə Məmmədova və Ramiz Alıquliyev, həmçinin Milli Transliterasiya Sisteminin və “Trans­li­terasiya” veb-por­ta­lının hazırlanmasında yaxından iştirak edən İnformasiya Tex­no­lo­gi­ya­ları və Dilçilik institutlarının əmək­daşları, o cümlədən Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri, media nümayəndələri iştirak ediblər.

 

Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, Azər­­baycan dövlətinin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amili hesab edilməsinə, dil si­ya­səti sa­hə­sində aparılan işlərin daha da genişlənməsinə üfüqlər açıb:” Dünyanın qədim dil­lə­rin­dən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri yaranıb, ərsəyə gəlib. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri içərisində özünün zən­gin­liyinə,  geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan dili uzun illər Qafqazda ümu­münsiyyət dili statusunda çıxış edib”.

 

İ.Həbibbəyli Sovetlər Birliyi dönəmində o za­­man­kı rejimin sərt maneələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qə­bul edil­məsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, Ulu Öndər istər əvvəlki dövrlərdə, istərsə də müstəqillik illərində Azər­bay­can di­li­nin, ədəbiy­ya­tı­nın, mə­dəniyyətinin və incəsənətinin geniş spektrdə inki­şa­fı­na mühüm töhfələr verib.

 

AMEA-nın birinci vitse-prezidenti daha sonra diqqətə ça­t­­dırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­ləblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bən­di Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Aka­de­mi­kin sözlərinə görə, adıçəkilən Dövlət Proqramının digər bəndi – 6.3.9. Milli trans­literasiya stan­dart­ları əsasında Azərbaycan əlif­ba­sın­dan digər əlifbalara trans­li­te­ra­si­ya­nı həyata keçirən proq­ram təminatının hazırlanmasına həsr olu­nub.  

 

Akademik, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənis­tan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərində Milli transliterasiya stan­dart­la­rına və bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks et­di­rən elektron bazanın yaradılması məsələlərinin yer aldığını vurğulayıb.

 

Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə  Məmmədzadə Milli Transliterasiya Sisteminin veb-saytını təqdim edib. O, on­layn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fran­sız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Trans­li­te­rasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əmək­daşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb.

 

S.Məmmədzadə bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə bir­­likdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsi ilə mətnləri Azərbaycan dilindən in­gi­lis, rus, fransız, alman, ispan, fars dil­lə­ri­nə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya et­mək mümkündür.

 

Məruzəçi veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən is­tənilən veb-saytın trans­literasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün is­ti­fa­də­çi­lər saytın trans­li­te­ra­si­ya­sı bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliy­yət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.

 

Tədbirdə çıxış edən Dilçilik İnstitutunun şöbə müdiri, professor İl­ham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətn­lə­rin 8 xarici dilə transliterasiyası – konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs ad­larının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çə­tin­­liklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsu­siy­yət­­ləri barəsində ətraflı danışıb.

 

İ.Tahirov vurğulayıb ki, transliterasiya yazının hərfi tərkibinin (hərf-hərf) bir qra­fi­kadan di­gərinə, bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərflərinə keçirilməsidir. Alim çıxı­şın­da, həmçinin transliterasiya və transkripsiya məsə­lə­lə­rinin qarşılıqlı əlaqəsinə də toxunub.

 

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu öz çıxışında orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunə­lə­ri­nin, həmçinin “Molla Nəsrəddin” jurnalının, “Əkinçi” qəzetinin Azərbaycan dilinə trans­li­te­ra­si­yası məsələlərindən danışıb.

 

Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiy­yət­lər­dən söz açan akademik R.Əliquliyev isə İnformasiya Texnologiyaları və Dilçilik ins­ti­tut­larının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili ki­mi ümumi informasiya bazasının – azerbaycandili.az portalının, Milli Terminoloji İn­for­ma­siya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə veril­di­yi­ni xatırladıb. Qeyd edib ki, bu gün geniş elmi ictimaiyyətə təqdim olunan Milli Transliterasiya Sis­te­mi və “Transliterasiya” veb-por­ta­lı əməkdaşlığın daha bir qiymətli bəhrəsidir. Alim milli ono­mastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.

 

Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.