İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Universitetdən bildirilib ki, agentliyin idarə heyətinin sədri Zaur Əliyev və UNEC-in rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum ölkədə həyata keçirilən sosial və iqtisadi sahədə islahatların genişləndirilməsinə dəstək göstərməklə, icbari tibbi sığortanın tətbiqi, səhiyyə sahəsinin idarə edilməsi üzrə lazımi ixtisasların yaradılması, mütəxəssislərin hazırlanması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Memorandum çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, xarici təcrübənin öyrənilməsi və lazım olan təcrübənin ölkədə tətbiq olunması üzrə əməkdaşlıq nəzərdə tutulur.

 

Sənədə əsasən, tərəflər tibbi xidmətlərin iqtisadi təhlili, postsovet ölkələrinin təcrübə və müvafiq sahələrdə boşluqlarının öyrənilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Eyni zamanda , icbari tibbi sığortanın xidmətlər zərfinin yenilənməsi və göstərilən tibbi xidmətlərdən məmnunluğun öyrənilməsi üçün əhali arasında sorğular keçirməklə bağlı razılığa gəlinib.

 

Memorandum çərçivəsində həyata keçiriləcək tədbir və tədqiqatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi birgə həyata keçirəcək.