Bu həftə təhsil sistemində fəallıq davam edib. Müəllim olmaq istəyənlər üçün yekunlaşmaq üzrə olan müəllimlərin işə qəbulu müsabiqəsinin ardınca karyerasında bir pillə yüksəlməyi hədəf seçən pedaqoji heyət üçün direktorların işə qəbulu üzrə müsabiqəyə start verilib.

 

Təhsil nazirinin əmrinə əsasən sentyabrın 28-dən başlayaraq direktorların işə qəbulu müsabiqəsinə start verilir. 500-dən çox vakant yer üçün başlayan müsabiqənin ilk mərhələsi - sənəd qəbulu oktyabrın 2-dək elektron formada həyata keçiriləcək. Bu müddət ərzində direktor olmaq istəyənlər elektron ərizələrini təsdiq edərək oktyabr ayının ilk yarısında keçirilməsi nəzərdə tutulan test imtahanlarında iştirak etməyə vəsiqə qazanacaqlar. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, bu il müsabiqəyə 500-dən çox vakant yer çıxarılıb: “Bu məsələdə bir nailiyyət əldə etmişik. Əvvəlki illərdə direktorların işə qəbulu müsabiqəsində hər il 700-ə yaxın vakant yer çıxarılırdı. İndiyədək keçirilən imtahanlarda fərqlənən namizədlərin həmin boş yerlərə təyinatı aparılıb və nəticədə bu il müsabiqəyə 700 yox, 500-dən çox vakant yer çıxarılıb. Düşünürük ki, təqvim ilinin sonunadək bir çox yerlərə təyinatlar olacaq. Direktor vəzifəsinə qalan boş yerlərə təyinatlar gələn il də davam edəcək”.

 

Direktorların işə qəbulu müsabiqəsinə qatılanlara kömək məqsədilə bu ildən bir sıra addımlar atılıb. Belə ki, Təhsil Nazirliyinin rəsmi internet səhifəsinə bu müsabiqədə istifadə ediləcək proqram və test nümunələri yerləşdirilib:  “Ən çox verilən suallar və cavabları, izahlı test tapşırığı nümunələri, test imtahanı və müsahibə mərhələsi üzrə müsabiqə proqramını genişləndirərək sayta yerləşdirilib. Hər sual proqram üzrə bir və ya bir neçə ədəbiyyatı əhatə edir. Məsələn, məktəbəhazırlıq qruplarının təşkili qaydaları ilə bağlı bir sual izahı ilə birlikdə orada öz əksini tapıb. Deyə bilərəm ki, qatılmaq istəyən namizədlər üçün hər cür şərait yaradılıb ki, bu müsabiqədə iştirak etsin və uğur qazansınlar. Biz də maraqlıyıq ki, daha səriştəli, yüksək bilik və bacarıqlara malik namizədlər müsabiqədə uğur qazansınlar”.

 

Ruhiyyə DAŞSALAHLI