Naxçıvan Dövlət Universitetində (NDU) “Əczaçılıq və simulyasiya kabinəsi”nin açılışı olub.

 

Universitetin rektoru Elbrus İsayev yeni kabinənin açılışını Əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının formalaşması üçün yaradılan şəraitin növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, kabinənin tələbələrin yüksək ixtisaslı əczaçı kimi yetişməsində əvəzsiz rolu olacaq, onlar burada aptek təcrübəsini mənimsəyəcəklər.

 

Əczaçılıq və biokimya  kafedrasının müəllimi Zəminə İsmayılova bildirib ki, Naxçıvanda əczaçı kadrlara olan tələbatı nəzərə alaraq universitetin tibb fakültəsində ilk dəfə 2012-ci Əczaçılıq ixtisasına tələbə qəbulu həyata keçirilib. Artıq 5 ildir ki, bu ixtisas üzrə məzunlar muxtar respublikanın xəstəxanalarında, əczaxanalarında, dərman şirkətlərində öz ixtisasları üzrə fəaliyyət göstərirlər. Diqqətə çatdırılıb ki, əczaxananı xatırladan kabinədə dərmanlar farmakoloji qruplarına uyğun olaraq yerləşdirilib. Buradan təkcə əczaçı tələbələr deyil, eyni zamanda digər tibb ixtisasının tələbələri də istifadə edə biləcəklər.

 

Əczaçılıq texnologiyası ixtisası üzrə II kurs magistrant Solmaz Novruzova, Əczaçılıq ixtisası üzrə IV kurs tələbəsi Tünzalə Quliyeva yaradılan şərait üçün minnətdarlıqlarını bildirib və gələcəkdə peşəkar kadr kimi muxtar respublikaya öz töhfələrini verəcəklərini qeyd ediblər.  

 

Sonda kabinəyə baxış keçirilib.