Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən təşkil olunmuş “Microsoft ilə özünüzü inkişaf etdirin!” tanıtım sessiyasında iştirak edib.

 

MDU–dan bildirilib ki, universitetlə AzTU arasında imzalanmış “Təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirdə iştirak təhsil ocağının əməkdaşları üçün çox faydalı olub. Tədbirə MDU-nun Elm və innovasiyalar, Tədris şöbələrinin, İnformasiya Texnologiyaları Mərkəzi və İnformasiya texnologiyaları kafedrasının əməkdaşları qatılıblar.

 

Ali təhsil müəssisələri üçün online formatda təşkil olunan sessiyada “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin baş meneceri Qaçay Mirzəyev geniş təqdimatla çıxış edib.

 

Təqdimatda “Microsoft” şirkətinin fərdi inkişaf proqramları, həmin proqramların təklif etdiyi imkanlar və üstünlüklər barədə məlumat verilib. Proqramlar çərçivəsində nəzərdə tutulan kursların və təlim materiallarının tam şəkildə ödənişsiz olduğunu bildirən Q.Mirzəyev müvafiq proqramları uğurla başa vuranların “Microsoft” şirkətinin beynəlxalq sertifikatlarını əldə etmək imkanı qazandıqlarını diqqətə çatdırıb.

 

Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb və “Microsoft” şirkəti ilə ali təhsil müəssisələri arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.