Mingəçevir Dövlət Universitetində (MDU) professor-müəllim, inzibati-texniki heyət üzvlərinin və tələbələrin iştirakı ilə “Qarabağ Azərbaycandır! ”  mövzusunda tədbir keçirilib.

 

ZOOM platforması üzərindən online formatda təşkil olunan tədbirdə MDU-nun rektoru Şahin Bayramov 27 sentyabr tarixindən etibarən Prezident İlham Əliyevin  rəhbərliyi ilə müstəqil Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrinin yazıldığını diqqətə çatdırıb. Xalqımızın 30 ilə yaxın müddətdə səbr etdiyini və işğal altında olan əzəli torpaqlarımızın qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını vurğulayan rektor Azərbaycanın bütün mümkün diplomatik vasitələrdən istifadə etdiyini və münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldığını bildirib.

 

29 sentyabr tarixində “Rossiya-1” kanalında yayımlanan müsahibənin Azərbaycan Prezidentinin qətiyyətini, iradəsini və yüksək liderlik bacarıqlarını bir daha nümayiş etdirdiyini vurğulayan rektor həmin debatın düşmən ölkə rəhbəri üçün növbəti rəzalət və rüsvayçılıq olduğunu söyləyib.

 

Son günlər ərzində düşmən təxribatına layiqli cavab verən Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar münasibətilə tədbir iştirakçılarını təbrik edən Ş.Bayramov Azərbaycan əsgərinin haqq savaşı apardığını vurğulayıb. Rektorun sözlərinə görə, hazırda ölkəmizdə müşahidə olunan Xalq-Dövlət-Prezident birliyi hər kəsi  sevindirir, düşməni isə qorxuya salır.

 

Sosial şəbəkələrdə həyata keçirilən düşmən təxribatları barədə danışan Ş.Bayramov kollektivin bütün üzvlərini və tələbə-gəncləri yalnız rəsmi məlumatlara istinad etməyə səsləyib.

 

Tədbiri “Qarabağ Azərbaycandır!  şüarı ilə yekunlaşdırıan rektor MDU ailəsinin hər bir üzvünün ölkəmizin haqq savaşında Ali Baş Komandanın yanında olduğunu bir daha qeyd edib.