Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və əməkdaşları- Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının rəhbəri, akademik Arif Həşimov, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Rüstəm Rüstəmov, Eldar Həsənov “Energetikanın texniki fiziki problemləri” (ICTPE-2020) mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

 

Oktyabrın 12-13-də Türkiyənin İstanbul şəhərinin Rumeli Universitetində keçirilməsi nəzərdə tutulan sayca 16-cı olan  ICTPE-2020 beynəlxalq konfrans onlayn şəraitdə reallaşıb. Konfransın təşkilatçısi İstanbul Rumeli Universiteti olub.    Videokonfransın açılışında Azərbaycan tərəfindən konfransın həmsədri Arif Həşimov və Nazim Məmmədov çıxış ediblər. Çıxışda konfransda müzakirə olunan məruzələrin energetika sistemlərinin müasir problemlərini əhatə etdiyini və ölkələrin energetika sistemlərinin gələcək inkişafına töhfəsi  baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

        

İki gün davam edəcək konfransda həmsədrlər, professorlar Naser M.Tabatabaci (İran),  Javer Bilbao (İspaniya), Nicu Bizon (Ruminiya) çıxış edərək konfrasın uğurlu keçməsini arzu ediblər.

        

Videokonfransda Fizika İnstitutunun əməkdaşlarının 6 məruzəsi, Azərbaycanın müxtəlif  elmi mərkəzlərini təmsil edən alimlərin 15 məruzəsi dinlənilib.

        

Oktyabrın 13-də həmsədrlərin yekun çıxışları və konfransın iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.