Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olunan I tədris ili tələbələri ilə tanışlıq görüşü keçirilib.

 

Universitetdən bildirilib ki, görüşdə BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə ictimai təşkilatlarının üzvləri, ali məktəbin filologiya və xarici dil müəllimliyi, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika, Azərbaycan filologiyası fakültələrinin I tədris ili tələbələri, həmçinin builki magistantları iştirak ediblər.

 

Qeyd edək ki, tanışlıq görüşü hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə,  o cümlədən tibbi maskadan və əlcəkdən istifadə,  sosial məsafəni gözləmək, digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb.

 

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü və Azərbaycanın Milli Qəhrəmanları, eləcə də BSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub.

 

Sonra universitetin rektoru, professor Nurlana Əliyeva bildirib ki, tələbəlik illəri hər bir gəncin həyatında ən gözəl, maraqlı və yaddaqalan  dövrdür:”Ali təhsil müəssisələrində I tədris ilinə qəbul olunan tələbələrlə tanışlıq görüşünün keçirilməsi müasir dünya təcrübəsində mövcuddur. Məqsəq tələbələrə istiqamət vermək, onlarda ali təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaq, onlara tədris və imtahan prosesi barədə məlumat verməkdir...Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dilini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər. Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, öz üzərinizdə əzmlə çalışmalı, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız. Siz Azərbaycanı ürəkdən sevməli, fəal və ləyaqətli vətəndaş olmalı, milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalısınız. Universitetimizin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyiniz olduqca vacibdir”.

 

Professor Nurlana Əliyeva xüsusi vurğulayıb ki, işğalçı, təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və hər gün davam edən yeni hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış  məntəqələrini erməni işğalından azad edib:” Hazırda BSU-nun 70-ə yaxın məzun və tələbəsi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında mənfur düşmənlə vuruşur. Onların arasında yaralananlar, şəhid olanlar var. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır”.

 

Görüşdə yüksək balla filologiya və xarici dil müəllimliyi fakültəsinə qəbul olunan Aytac Tağızadəyə, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinə qəbul olunan Gülər Hacıyevaya, Nəzakət Bağırovaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib.

 

Tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli Qəhrəmanları, şəhid məzunları guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin Əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, tələbə ictimai təşkilatları, universitetin yataqxanası və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib.