Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) kimya-texnologiya və neft-mexanika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbə adını qazanmış gəncləri təbrik edib və ADNSU-nu seçdiklərinə görə onlara, valideynlərinə, bu seçimdə onlara dəstək olan şəxslərə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkənin öncül universitetlərindən biri olaraq tələbələrin etimadını doğrultmaq, onlara yüksək səviyyədə təhsil vermək üçün ADNSU-nun savadlı professor-müəllim heyəti vardır. Həmçinin, keyfiyyətli təhsil üçün universitetdə müasir infrastruktur mövcuddur və tədris prosesində ən müasir texnoloji imkanlardan geniş istifadə olunur.

 

Universitetin təhsilvermə imkanlarından, tədrisin təşkilindən və tələbələrin biliyinin qiymətləndirilməsindən danışan M. Babanlı onlayn və ya oflayn (ənənəvi formada) keçirilməsindən asılı olmayaraq, hər bir tələbənin dərslərə ciddi yanaşmasının vacibliyini, onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə edib.

 

Görüş zamanı ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, ali təhsil müəssisəsində mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, ADNSU-da yaradılan   Unibook – “Elektron Universitet” sistemi haqqında məlumat veriblər.

 

Sonda bu və digər mövzularda tələbələrin sualları cavablandırılıb.