Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan I tədris ili tələbələri ilə tanışlıq görüşü davam edib.

 

Universitetdən bildirilib ki, növbəti görüş pedaqoji, tərcümə, məktəbəqədər təlim-tərbiyə, ibtidai sinif müəllimliyi fakültələrinin I tədris ili tələbələri ilə keçirilib.

 

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov tələbələri ali məktəbə qəbul olunmaları münasibətilə təbrik edib, təhsillərində nailiyyətlər arzulayıb.

 

BSU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri, mühüm mövqeyi olduğunu deyən T.Cəfərov slavyan  xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənən, tədris edən, unikal və çoxprofilli ali təhsil müəssisəsi olan BSU-da, bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər hazırlandığını söyləyib. Onun sözlərinə görə,  ali məktəbdə yalnız rus dili üzrə deyil, həm də ingilis, fransız, alman, bolqar, yunan, polyak, çex, belarus dilləri üzrə mütəxəssislər hazırlanır.

 

Pedaqoji fakültənin dekanı, dosent Dilarə Hacıyeva, tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən professor Kamran Hacıyev, məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin dekanı vəzifəsini icra edən dosent Mehriban Abdullayeva tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib.

 

Görüşdə yüksək balla pedaqoji fakültəyə qəbul olunan Fidan Hüseynova və Səadət Əsədovaya, tərcümə fakültəsinə qəbul olunan Nuray Orucovaya, həmçinin məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olunan Ləman Allahverdiyevaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib.

 

Pedaqoji fakültənin I tədris ili tələbəsi Fidan Hüseynova yüksək səviyyədə keçirilən tanışlıq görüşünə görə universitetin rəhbərliyinə təşəkkür edib.

 

Görüş zamanı tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli Qəhrəmanları, şəhid məzunları və tələbələri guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin Əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar.

 

Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kadr hazırlığı aparılan ixtisaslar, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, universitetin yataqxanası, tələbə ictimai təşkilatları və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib.

 

Görüşdə  tələbə-gəncləri  maraqlandıran  suallar  cavablandırılıb.