Növbəti şəhid Ağcabədi məktəblisi oldu


Bu ölüm Ağcabədi rayonu üçün düşən artilleriya mərmilərindən, topdan daha ağır oldu. Bir top mərmisi yeməkxananın altını üstünə gətirdisə, bu ölüm bütün kəndi göynətdi, bir ölkəni göz yaşına boğdu. Erməni təcavüzünün hədəfində bu dəfə də bir şagird vardı. 

 

Oktyabrın 4-də düşmənin növbəti hədəfi Ağcabədi rayonunun Sarıcalı və Taynaq kəndləri idi. Artilleriya atəşi nəticəsində Sarıcalı kəndində bir ev tamamilə yandı. Amma şanslıydılar ki, o evdə kimsə yoxuydu. Taynaq kəndi isə o dəqiqələrdə şansdan çox uzaq idi. Top mərmisi yeməkxanaya düşdü və nəticədə kənd özünün hələ böyüməkdə olan bir pöhrənini itirdi. 2006-cı il təvəllüdlü Fərid İsgəndərov dağıntılar altında qalaraq həlak oldu.

 

O Fərid ki, 3 bacının sonradan dünyaya gəlmiş yeganə qardaşı idi. Həmin Fərid ki, saçının telindən dırnağının ucuna qədər bir vətənpərvər kimi yetişdirilmişdi. Anasının laylası ilə hopmuşdu iliyinə vətən sevgisi. Ancaq keçmiş döyüşçü olan əmisinin, şəhid dayısının da rolu az deyildi düşüncələrinin formalaşmasında. O, özündən əvvəlki nəsil kimi “Məlikməmməd nağılı” ilə böyüməmişdi. Real qəhrəmanlıq hekayələri ilə axmışdı ruhuna igidlik, dönməzlik, qətiyyət, kişilik.

 

Şəhid dayısının qisasını almaq istəyirdi

 

IX sinif şagirdi üçün kişilik deyilmi? İsgəndərovlar ailəsi uşaqları od-alovdan uzaqlaşdırıb Bakıya göndərəndə o niyə getmədi? Nədən qorxursuz?”, - dedi ailəsinə. Bakıya getməkdən imtina etdi. Kənddə oturub döyüş təcrübəsi olan əmisi ilə erməni təcavüzkarlığına qarşı müqavimət göstərmək istədi. “Mən burdayam”, deyərək erməniyə də, ölümə də meydan oxudu. Əmisi Fətəli deyir ki, Fərid də hərbi təhsil almaq istəyirdi: “Çox maraqlanırdı. Tez-tez döyüşlər barədə söz salır, mənə çoxlu suallar verirdi. Artıq hazırlaşmağa da başlamışdı. Hərbçi olmaq istəyirdi. Bu da təəccüblü deyil. 19 yaşında şəhid olan dayısı Rabil Quliyevin qisasını alacağı arzusu ilə böyümüşdü. Səliqəli, təmiz uşaq idi. Ata-anasına qarşı diqqətli, çox düşüncəli idi. Əminəm ki, yaxşı da hərbçi olacaqdı”.

 

Taynaq kəndinin şanssız günü

 

Amma olmadı. Məktəbli Fərid İsgəndərovun o, hələ bir kitabını oxuyub bitirmədən ömrü bitdi.  Dəftəri yazılmadan, qələminin mürəkkəbi  bitmədən bitdi ömrü. Əmisi Fətəli o günü belə xatırlayır: “Qardaşımın işlətdiyi kafeyə getmişdi. 20 dəqiqə olmazdı heç. Qardaşım Ziyafəddin ilə bir yerdəydik. Bir az oturduq. Sonra mən  kənd icra nümayəndəliyinə girdim. Ordan top atəşinin səsinə çıxdım. Çıxanda gördüm ki, qardaşımın işlətdiyi yeməkxanaya düşüb. Qardaşımla Fərid evə qayıtmağa hazırlaşırdılar. Ziyafəddin onu küçədə gözləyib. O da kafeyə nəsə götürməyə qayıdıb. Həmin vaxt ermənilərin  atdığı toplardan biri  kafeyə düşüb”.

 

Fətəli İsgəndərov deyir ki, o günə qədər ermənilərin ağır artilleriyadan kəndə tuşladığı mərmilər Taynaqın qırağındakı boş sahələrə düşürdü. O gün düşmən mərmisi hədəfini vurdu. Hədəfdə isə bir məktəbliydi.

 

Ağıllı, tərbiyəli şagirdlərdən idi

 

Fəridin təhsil aldığı, dayısı Rabil Quliyevin adını daşıyan Taynaq kənd tam orta məktəbinin direktoru Ələsgər Məmmədov şagirdini nəinki tanıyır, onun haqqında çox yüksək fikirdədir: “Dayısının adını daşıyır məktəbimiz. Üzündən dayısına oxşayırdı. Elə taleyi də ona bənzədi. O da erməni  silahı ilə həyata “əlvida” dedi. Bütün gözəl sözlərə layiq uşaq idi. Ağıllı, tərbiyəli şagirdlərimizdən idi. Səliqəli, məktəbin işlərində fəal idi. Məktəbimiz üçün də, kəndimiz üçün də çox böyük itkidir”.

 

Xatirələrdə rəqsi ilə yaşayır

 

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Hacıyeva Fəridin məktəbə ayaq basdığı ilk illəri belə xatırlayır: “Fərid çox gözəl uşaq idi. Özü də çox qəşəng rəqs edirdi. Hələ birinci sinifdə oxuyanda yuxarı sinifdə təhsil alan qız şagirdimizlə rəqs edirdi. Bütün tədbirlərdə hamı onların rəqsini gözləyirdi. Fərid ancaq o qızla rəqs elədi. O, XI sinfi bitirib gedəndən sonra Fərid başqa heç kimlə rəqs etmədi tədbirlərdə”.

 

“Xasiyyəti ilə hamının sevimlisi idi”

 

Təşkilatçı müavin Fatma Quliyeva da Fəridi gözəl rəqsi, üzüyola xasiyyəti, ağır təbiəti, sakit baxışları ilə xatırlayır: “Fərid əmimin nəvəsidir. Hamımızın sevimlisi idi. Məktəbimizin fəal şagirdlərindən idi. Xasiyyəti ilə hamının sevimlisi idi”.

 

Bu, ÜÇ oldu!

 

Daha bir məktəbli,  IX sinif şagirdi Fərid İngəndərov da erməni təcavüzünün saysız qurbanları siyahısına düşdü.3 bacının bircə qardaşı, ata-anasının qürur yeri idi, millətin daş yaddaşına çevrildi. Onun ölümüylə Vətən Müharibəsi başlayandan bəri şəhid verdiyimiz məktəblilərin sayı 3-ə çatdı.

 

Qeyd edək ki, Ermənilərin Naftalan şəhəri atəşə tutması nəticəsində Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova da həlak olub.

 

Ruhiyyə DAŞSALAHLI