İsveç Kral Elmlər Akademiyası oktyabrın 12-də   iqtisadiyyat sahəsində 2020-ci il üzrə Nobel mükafatı laureatlarının adlarını elan edib.  Alfred Nobelin xatirəsinə həsr olunan mükafata “hərraclar nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə” iki amerikalı alim Paul R.Milqrom və Robert B.Vilson layiq görülüb. Bu barədə Akademiyanın baş katibi Qoran Xansen açıqlama verib.

 

İqtisadi elmlər üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətinə daxil edilməyib. İsveçin Mərkəzi Bankı Alfred Nobelin xatirəsi olaraq bu mükafat barədə məlumatı 1968-ci ildə, özünün 300 illik yubileyində açıqlayıb. Bu mükafat ilk dəfə 1969-cu ildə verilib və o vaxtdan bəri bank tərəfindən maliyyələşdirilir. 1.1 milyon dollarlıq mükafat iki iqtisadçı arasında bərabər şəkildə bölünəcək.

 

Pol Milqrom  1948-ci ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. 1979-cu ildə Stanford Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini alıb. Stanford Universitetinin humanitar elmlər professorudur. Yel, Kaliforniya Berkli universitetlərində müəllimlik edib.

 

Robert  Uilson  1937-ci ildə ABŞ-da  anadan olub. 1963-ci ildə Harvard Universitetini bitirib.  Stanford Universitetinin əməkdar menecment professorudur. 

 

Qeyd edək ki,  mükafatın  sahiblərinə təqdim olunma mərasimi dekabrın 10-da Albert Nobelin anım günündə onlayn rejimdə keçiriləcək, laureatlar İsveçin öz ölkələrindəki  səfirliklərində, ya da çalışdıqları  elmi müəssisələrində mükafatı  qəbul edəcəklər.

 

Oruc MUSTAFAYEV