Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşları Qusar, Lənkaran, Lerik və Astara rayonlarında ekspedisiyada olublar.

 

Əsas məqsəd meşə ekosistemlərində və Xəzər dənizinin sahili boyunca, erkən payız fəslində rast gəlinən faydalı bitkilərin yayılması, onların fitosenotik xüsusiyyətlərinin tədqiqi, nadir bitkilərin populyasiyalarının mövcud vəziyyətinin öyrənilməsi olub.

 

Çöl tədqiqatları zamanı sözügedən ərazilərdə 50-dən çox dərman və qida əhəmiyyətli ağac, kol, ot bitkiləri qeydə alınıb. Həm meşələrdə, həm də dəniz sahilində yayılan 10 nadir növün (Alcea lenkoranica, Alibizia julibrissin, Alnus subcordata, Buxus hyrcana, Diospyros lotus, Parrotia persica, Pterocarya pterocarpa, Punica granatum, Taxus baccata, Zelkova carpineifolia və s.) herbari nümunələri yığılıb, GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib.

 

Tədqiq edilən ərazilərdə əksər növlərin bərpası prosesləri qənaətbəxş sayılsa da, növlərin çoxunda göbələk xəstəlikləri aşkarlanıb, bu da cavan fərdlərin təhlükə altında olmasının göstəricisidir. Həmçinin qeyd olunub ki, meşə və dəniz kanarı ərazilərdə infrastrukturun genişlənməsi orada yayılan nadir növlərin azalmasına səbəb ola bilər.

 

Həmin ərazilərdən əvvəlki illərlə müqayisəli şəkildə toplanan bitki nümunələrindən müəyyənləşdirilib ki, invaziv növlərin arealı xeyli genişlənib və bəzi invaziv növlər üçün yeni yayılma arealları qeyd olunub.