Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin “Uşaqların loq-faylları əsasında internet-asılılığın müəyyən olunması” mövzusuna həsr edilən onlayn elmi seminarı keçirilib.

 

Şöbənin əməkdaşı Sabirə Ocaqverdiyeva internetin sürətli inkişafı və onun təqdim etdiyi xidmətlərin kifayət qədər populyarlıq qazanmasının internet istifadəçilərinin sayının çoxalmasına, informasiya fəzalarında böyük həcmli məlumatların formalaşmasına, insanların bir-biri ilə münasibətlərinin yeni formalarının yaranmasına və s. səbəb olduğunu bildirib.

 

“İnternet istifadəçilərinin bir hissəsini təşkil edən uşaq və yeniyetmələr sosial şəbəkələrdə öz profil və statuslarını tez-tez yeniləyir, axtarışlar edir, şəbəkə oyunları oynayır, dərslərinə hazırlaşır, forum və çatlarda iştirak edir, informasiya paylaşırlar. Onların bəziləri internetdən daha çox istifadə edir və günün böyük hissəsini şəbəkədə keçirirlər ki, bu da zamanla internetdən asılılıq yaradır”-deyən məruzəçi mövcud durumu anladıb.

 

S.Ocaqverdiyeva qeyd edib ki, internet-asılılıq uşaq və yeniyetmələrdə bir sıra mənfi halların yaranmasına səbəb olur. Onların yuxu rejimi pozulur, dərslərini vaxtında hazırlaya bilmir, kompüter qarşısında oturmaqla fiziki görkəmləri dəyişir (çiyinləri qısılır və s.), psixoloji problemləri yaranır, aqressivləşir, virtual aləmə bağlı olur, sosiallaşa bilmir, radikallaşırlar.

 

Məruzəçinin sözlərinə görə, uşaq və yeniyetmələrin informasiya təhlükəsizliyinin təmin olunması sahəsində effektli həllərin, metod və mexanizmlərin işlənilməsinə ehtiyac vardır. Bu məqsədlə uşaq və yeniyetmələrin loq-faylları analiz edilir, onların internet mühitində fəaliyyətləri ilə bağlı təhlillər aparılır, şəbəkədən asılılıq dərəcəsi müəyyən edilir.

 

Məlumat verilib ki, loq-fayllar veb-serverdə toplanan qeydiyyat fayllarıdır. Onlar veb-qovşaqdan keçən trafik və istifadəçilərin davranışları haqqında əsas informasiya mənbəyi hesab olunur. Loq-faylların analizi əməliyyat sistemləri və qurğular tərəfindən qeydə alınan hadisələri nəzərdən keçirməklə, təhdidləri aşkarlamaq üçün effektiv üsuldur.

 

Loq-analizin tətbiqləri, istifadə olunan klassifikatorlar, aparılmış eksperimentlər barədə məlumat verən məruzəçi təklif edilən metodun (Proposed Weighted SVM) digərləri ilə müqayisədə daha düzgün proqnoz verə bildiyini nəzərə çatdırıb.

 

S.Ocaqverdiyevanın sözlərinə görə,  loq-faylları analiz etməklə uşaqların internetdən asılılıq dərəcəsi müəyyən edilə bilər ki, bu məlumatlar da valideynlər, təhsil və sağlamlıq müəssisələri üçün çox böyük  faydalılıq daşıyır.