Ermənistanın ölkəmizə qarşı apardığı hərbi münaqişə ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova tərəfdaş xarici universitetlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycana dəstək məktubları ünvanlanır.

 

Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, Prof.Dr. Fadıl Hocanın ünvanladığı məktubda Azərbaycan torpaqlarını 30 ildir ki, işğal altında tutan Ermənistanın ölkəmizdə mülki yaşayış yerlərində müdafiəsiz və məsum insanlara qarşı törətdiyi silahlı hücum qətiyyətlə pislənərək qınanılır. İşğalçı Ermənistana qarşı beynəlxalq və özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə əməliyyatının tam dəstəkləndiyi bildirilir.

 

Prof.Dr. Fadil Hoca Vizyon Universiteti adından şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyib. O, haqq-ədalətin bərpası sayəsində  Dağlıq Qarabağın  işğaldan azad ediləcəyinə və gerçək sahiblərinin tezliklə öz torpaqlarına qayıdacağına əminliyini də  ifadə edib.