Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabat hazırlanması üzrə yeni bir layihəyə başlayıb. Layihəyə rəhbərliyi onun ideya müəllifi olan BDU-nun rektoru Elçin Babayev həyata keçirəcək.

 

Universitetdən bildirilib ki, BDU rektorunun əmrilə layihə üzrə müvafiq İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Ukrayna, Rusiya, Türkiyə və Qazaxıstanın, o cümlədən Azərbaycanın müxtəlif ali məktəblərinin tanınmış hüquqşünas alimləri, habelə gənc tədqiqatçılar, magistrantlar və tələbələr daxil edilıb.

 

İşçi Qrupunun həmsədrləri BDU-nun “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, həmin kafedranın müəllimi, eyni zamanda MG Konsaltinq  Şirkətinin rəhbəri Məhəmməd Quluzadə və BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovdur.

 

İşçi Qrupunun tərkibində 10-a yaxın bölmə və katiblik, eyni zamanda internet saytı fəaliyyət göstərəcək.

 

Kompleks hesabatın əsas məqsədi işğal altında olmuş Azərbaycan  ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz, şərəflə qayıtmaq hüquqları ilə əhatələnən,  mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş Azərbaycan əraziləri üçün zərurət duyulan humanitar yardım və s. aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələlərinin xarici,  yerli nüfuzlu alimlərin rəyləri ilə hazırlanıb ortaya qoyulmasıdır.  

 

Kompleks beynəlxalq hesabatın yazılmasında beynəlxalq təşkilatların təcrübəsinə, beynəlxalq müqavilə və məhkəmə təcrübəsinə, nəhayət müxtəlif dövlətlərin milli qanunvericilik təcrübəsinə geniş istinad ediləcəkdir. Kompleks beynəlxalq hesabat bütün beynəlxalq hökümətlərarası və qeyri-hökümət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif dövlətlərin dövlət və qeyri-hökümət qurumlarına göndəriləcək.

 

BDU kompleks beynəlxalq hesabatın hazırlanması ərəfəsində yerli və beynəlxalq ictimaiyyəti müntəzəm şəkildə məlumatlandıracaq.

 

İşçi qrupuna daxil olmaq istəyən hüquqşünas alim və ekspertlər [email protected] ünvanına müraciət edə bilərlər.