Bakı Slavyan Universitetinin (BSU) kollektivi separatçı və terrorçu Ermənistanın silahlı qüvvələrinin sentyabr ayının 27-dən başlayan növbəti hərbi təxribatına, eləcə də humanitar atəşkəs rejimi haqqında 3 razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq genişmiqyaslı uğurlu əks-hücum əməliyyatları həyata keçirən şanlı və rəşadətli Azərbaycan Ordusuna lazımi dəstək verir.

 

Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ön cəbhədə düşmənə qarşı igidliklə döyüşür. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onların arasında yaralananlar və şəhid olanlar da var.

 

Universitetdən bildirilib ki, BSU-nun rektoru, prorektorları, fakültə dekanları, kafedra müdirləri, ali məktəbdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, elmi-tədqiqat laboratoriyaları və digər strukturların əməkdaşları, tələbə ictimai təşkilatlarının fəal üzvləri, tələbə-gənclər saxta və yalançı erməni təbliğatına qarşı informasiya mübarizəsində fəal iştirak edirlər.

 

Onlar Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan, rus, ingilis, fransız, alman və digər xarici dillərdə çap, eləcə də elektron mediada sanballı  məqalələrlə çıxış edir, radio və televiziyalara müsahibələr verirlər.

 

Bu məqalə və müsahibələrdə, videoçarxlarda, paylaşımlarda şanlı Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr, Ali Baş Komandanın çıxış və müraciətləri, erməni terrorçularının Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Daşkəsən, Goranboy, Tərtər, Ağcəbədi, Qəbələ, Kürdəmir, Xızı və digər yaşayış məntəqələrimizdə dinc mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər, qətliamlar öz əksini tapıb.

 

Məlumat üçün bildirilib ki, Vətən müharibəsinin ilk günündən BSU-nun müəllimləri və tələbələri “Facebook”, “Twitter”, “İnstagram” və digər sosial şəbəkələrdə aktiv yazışmalar aparırlar. Bugünədək BSU tərəfindən Vətən müharibəsi ilə bağlı 1000-dən çox paylaşım edilib, 10-dan çox videoçarx hazırlanıb və universitet hazırda bu vacib istiqamətdəki fəaliyyətini daha əzmlə, yüksək təəssübkeşliklə davam etdirir.  

 

Hazırda BSU-da həyata keçirilən “Qürurlu ol, əsgər anası!” layihəsi universitetin məzun əsgərlərinin ailələrinə dəstək  verilməsinə, onlarla birlik, həmrəylik nümayiş etdirilməsinə xidmət edir. Layihə çərçivəsində BSU-nun nümayəndələri məzun əsgərlərimizin və şəhidlərimizin ailələrini ziyarət edir, onlara mənəvi dəstək verirlər.

 

Qeyd edilib ki, BSU-da təhsil alan əcnəbi tələbələr də Azərbaycan xalqının haqq işinə, mübarizəsinə yaxından qoşularaq ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq respublikamızın şəhər və rayonlarını atəşə tutmalarını, dinc sakinləri terrora məruz qoymalarını qətiyyətlə pisləyir, bu vandalist aktlara öz kəskin etirazlarını bildirir və “Qarabag Azərbaycandır!” deyirlər.

 

Ümumilikdə BSU-nun kollektivində həmişə olduğu kimi, bu çətin və məsuliyyətli tarixi günlərdə də yüksək milli ruh, vətənpərvərlik, dövlətə və dövlətçiliyə sədaqət hissi hökm sürür.

 

Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində müzəffər Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə ürəkdən inanır və bütün fəaliyyətini məhz bu inam, əminlik üzərində qurur.