Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) bu müəssisənin Ekspertlər Şurasının katibi və Müşahidə Şurasının üzvü, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

 

Görüşdə YT Parkın direktoru Vasif Abbasov, direktor müavini Zahir Nəsibov və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini Səxavət Rüstəmov iştirak edib.

 

Görüşün keçirilməsində məqsəd xüsusi təyinatlı sürtkü materiallarının hazırlanmasının mövcud vəziyyəti, istehsalının təşkili və perspektivlərinin müzakirəsi olub.

 

Akademik V.Fərzəliyev rəhbərlik etdiyi qurumda müasir tələblərə və standartlara cavab verən müxtəlif təyinatlı (motor, transmissiya, hidravlik və s.) sürtkü yağlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərindən danışaraq, sürtkü materiallarının istehsalının Təcrübə-Sənaye Zavodunda həyata keçirildiyini vurğulayıb. Strateji materiallar sırasına daxil olan xüsusi təyinatlı sürtkü materiallarının hazırda müharibə şəraitində olan ölkəmiz üçün əhəmiyyətindən bəhs edən akademik  bu materialların respublikada istehsalının təşkilinin ən aktual problemlərdən olduğunu deyib.

 

Sonra YT Parkın direktoru V.Abbasov rəhbərlik etdiyi qurumun rezidenti kimi Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və istehsal olunan sürtkü materiallarının respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edildiyini diqqətə çatdırıb.

 

Direktorun sözlərinə görə, Aşqarlar Kimyası İnstitutunun resepti əsasında hazırlanan və zavod tərəfindən istehsal olunan xüsusi təyinatlı sürtkü yağları Tərtər və Füzuli bölgələrində yerləşən hərbi hissələrə göndərilib. V.Abbasov qeyd edib ki, zərurət yaranarsa, YT Park tərəfindən bu məhsulların növbəti dəfə cəbhə bölgəsinə göndərilməsi təşkil olunacaq.

 

Tədbirdə müdafiə sənayesində istifadə olunan xüsusi təyinatlı sürtkü yağlarının digər ölkələrə ixracının təşkili istiqamətində fikir mübadiləsi də aparılıb, perspektivlər müzakirə olunub.