Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə "Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair" mövzusunda onlayn beynəlxalq konfrans-konsert keçirilib.

 

"Mədəni əlaqələrin inkişafına dəstək" İctimai Birliyinin eyni adlı layihəsi əsasında,  Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin maliyyə dəstəyi ilə keçirilən beynəlxalq elmi tədbirdə BMA-nın mütəxəssisləri, yaradıcı gənclər, ictimai fəallar, bir neçə dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə  beynəlxalq elmi tədbirin mövzusu, layihənin məqsədi barədə ətraflı məlumat verib.

 

Sonra BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin videomüraciəti təqdim olunub. F.Bədəlbəyli konfransın aktuallığını, milli musiqimizə qarşı erməni saxtakarlıqlarının elmi əsaslarla ifşa olunmasının vacibliyini diqqətə çatdırıb, mədəniyyət beşiyi Qarabağın işğaldan tam azad olunduğu ərəfədə musiqişünaslıq ictimaiyyətinin qarşısında dayanan vəzifələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

 

Elmi və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. O, Türkiyədə elmi konfransların birində ermənilər ilə "Sarı gəlin" mahnısı ətrafındakı mübahisələrindən bəhs edib, mahnının Azərbaycan musiqisinə məxsusluğu barədə mülahizələrini bildirib.  

 

Xalq artisti, müğənni Zümrüd Məmmədova beynəlxalq Babil musiqi festivalında ermənilərin həm Ermənistanı, həm də qondarma "Qarabağ Respublikası"nı təmsil etməsinə görə təşkilatçılara şəxsən etirazını bildirməsi, festivalda ermənilərin Azərbaycan musiqiçilərinə qarşı təxribatı, lakin minlərlə dinləyicinin məhz Azərbaycan musiqisinə dövlət bayraqları ilə dəstək verməsi barədə konfrans iştirakçılarını əyani materiallar əsasında məlumatlandırıb.

 

Konfransda dosent, aparıcı elmi işçi Ariz Abduləliyevin "Azərbaycan musiqisi: tarix, ənənə və erməni vandalizmi",  sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin "Ermənilərin Azərbaycan rəqslərinə qarşı saxtakarlıqları" mövzusunda məruzələri də dinlənilib.

 

Nyu-Yorkdan "Milli Musiqi və Qlobal Mədəniyyətlər Cəmiyyəti"nin prezidenti, məşhur pianoçu, BMA-nın professoru Nərgiz Əliyarova, görkəmli kulturoloq-alim J.Spitzberg, Berlindən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Emil Hasanov, Gürcüstanda M.F.Axundov adına dövlət muzeyinin direktoru Leyla Əliyeva, Novosibirsk şəhər dövlət simfonik orkestrinin baş dirijoru Etibar Əhmədov, Ukraynadan M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov, Qırğızıstandan musiqiçünas-alim Sebahaddin Svrikaya,  Ege Universiteti Dövlət Konservatoriyasının professoru, doktor Gürbüz Aktaş, Türkiyədən tanınmış pianoçu Turan Manafzadə, Naxçıvan Dövlət Universitetinin müəllimi Fəridə Ağayeva, Əqli Mülkiyyət Hüquqları Agentliyinin rəsmiləri- Natiq İsayev və Elnur Məmmədli, eləcə də digər qonaqlar  mövzu ilə bağlı maraqlı çıxışlar ediblər.

 

Konfransda video formatında musiqi nümunələri də səslənib. Layihənin rəhbəri, gənc bəstəkar İlahə İsrafilova Qazaxıstanın məşhur "Nomad" folklor ansamblının müşayiəti ilə "Sarı gəlin" xalq mahnısını oxuyub. Beynəlxalq müsabiqə laureatı Fəqan Həsənli fortepiano üçün işlənilmiş xalq rəqslərini, gənc ifaçılar isə (tar və fortepiano) F.Əmirovun məşhur "Kor Ərəbin mahnısı"nı təqdim ediblər. Konsertin proqramı erməni plagiatına məruz qalmış milli musiqi nümunələrindən təşkil olunub.

 

Sonda beynəlxalq konfransın iştirakçıları tərəfindən dünya musiqi ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edilib.