Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

 

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, şuranın üzvləri, YT Parkın direktoru Vasif Abbasov, direktor müavinləri Zaur Nəhmətov və Zahir  Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.

 

Akademik Rasim Əliquliyev əvvəlcə Azərbaycanın Şanlı Ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizin xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.

 

R.Əliquliyev Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımdan önəmli rola malik olan YT Parkın qarşısına qoyulan vəzifələrdən bəhs edib. Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim edəcəyinə və ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

 

Sonra YT Parkın  rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, “Bakı Polimer İstehsalat” MMC-nin əsas məqsədi bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır.

 

Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

 

C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: “Bu məqsədlə “AMEA Yüksək Texnologiyalar Parkında innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YT Parkda yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq”.

 

İclasda iştirak edən elm adamları müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

 

Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

 

İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusunun verilməsi qərara alınıb.