Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov  iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik  fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.

 

Universitetdən verilən məlumata görə, Microsoft Teams platforması üzərindən online formatda keçirilən görüşdə rektor xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin distant təşkilində göstərdikləri fəallığa görə universitetin müəllim kollektivinə təşəkkürünü bildirib, elektron tədris resurslarının, xüsusilə videodərslərin hazırlanması və tələbələrə çatdırılması işlərinin davam etdirilməsinin zəruriliyini söyləyib.

 

Sonra Elmi Şuranın müvafiq qərarı ilə qəbul edilmiş MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları ilə bağlı ətraflı məlumat verilib. Mövcud vəziyyətlə əlaqədar tələbələrin cari və aralıq qiymətləndirilməsində müvafiq dəyişiklikləri, həmçinin güzəştləri özündə ehtiva edən, bu qaydalardan irəli gələn vəzifələr universitetin professor-müəllim heyətinin diqqətinə çatdırılıb.

 

Səmərəli müzakirələrlə davam edən görüşdə qaydalarda nəzərdə tutulmuş qiymətləndirmə mexanizmi, sərbəst işlərin yazılması, kollokviumların, yekun imtahanların təşkili, tətbiqi mümkün olan güzəştlər və digər məsələlərlə bağlı müəllimlərin rəy və təkliflərinə münasibət bildirilib, onların çoxsaylı sualları cavablandırılıb.