"Gaia"nın arxiv materialları, Kek, La Silla və Vipl rəsədxanasında aparılan müşahidələr əsasında Günəş tipli ulduzla qoşa sistem təşkil edən 21 neytron ulduzu tapılıb. Tədqiqat obyektlərinin əksəriyyəti Yerdən 3000 işıq ili məsafədə yerləşir.

Bu barədə "Azərbaycan müəllimi"nə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ulduzların təxminən yarısı qoşa və ya misilli sistem təşkil etsə də, Günəş tipli ulduzla neytron ulduzu və ya qara dəlik kimi ekzotik obyektlərin qoşa sistemdə olmasına nadir rast gəlinir.

Neytron ulduzları massiv ulduzlardan qalan sıx və kompakt obyektlərdir. Bu ulduzların birbaşa müşahidədən aşkarlanması çətindir. Normal ulduzla qoşa sistem təşkil etdikdə isə ulduzun hərəkətinə göstərdiyi qravitasiya təsiri nəticəsində onları aşkarlamaq mümkün olur.

Seçilmiş ulduzların orbiti böyük ekssentrisitetə malikdir. Günəş  tipli kompanyonun kütləsi 0.78-1.3 M, neytron ulduzunun kütləsi isə 1.25-1.89 M aralığında dəyişir, periodları isə  189-1046 gün təşkil edir. Ulduzların şüa sürətləri və enerji paylanması qrafikləri qurulmuş, metallıqları araşdırılmış,  digər hesablama və ölçmələr aparılmışdır. 

Əvvəllər tapılan bu cür qoşa sistemlər olsa da, sistemin komponentləri arasındakı məsafə az idi. Yeni aşkar olunmuş sistemlərdə isə bu bir neçə AV-ni  (Yerlə Günəş arasındakı məsafə) aşır. Bu səbəbdən neytron ulduzu öz kompanyonundan maddə oğurlaya bilmir və görünməz qalır. Kəşf olunmuş ulduzlar məhz qravitasiya təsiri metodu ilə aşkarlanmış ilk ulduzlardır. Bu cür sistemlərə çox nadir rast gəlinir, hər milyon ulduzdan yalnız bir Günəş tipli normal ulduz neytron ulduzunun ətrafında geniş orbit boyunca və uzun periodla dolanır.  

Əlavə olaraq partlayışdan sonra sistemin dağılmamasını bir daha təsdiq edən sistemlər aşkarlanıb. Bu cür nümunələr qoşa sistemlərin təkamülünün öyrənilməsi üçün çox vacibdir. Çünki belə sistemlərin öz dayanıqlığını saxladığı müşahidə olunsa da, bəzi nəzəri modellər hələ də bunun necə baş verdiyini tam izah edə bilmir.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “The Open Journal for Astrophysics” jurnalında çap olunub.