Bakı Mühəndislik Universitetinin (BMU) təqdim etdiyi “Teledərs” layihəsi çərçivəsində yeni dərslər yayımlanıb. İngilis dilində təqdim olunan bu dərslərə Mexanika mühəndisliyi ixtisası üzrə 1 laboratoriya, Maliyyə, həmçinin Avtomatika və elektroenergetika ixtisasları üzrə 2 nəzəri dərs daxildir.

 

Universitetdən bildirilib ki, “Teledərs” layihəsi çərçivəsində 8 həftə ərzində ümumilikdə, 30 dərs təqdim olunub. Universitetin saytında dərslərin rahat izlənilməsi məqsədilə ayrıca bölmə də yaradılıb. BMU tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq təqdim olunan bütün dərsləri istənilən zaman izləyə bilərlər.

 

Qeyd edək ki, layihə mövcud pandemiya şəraitində təhsilə marağın azalmamasına, distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların, o cümlədən laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin daha yaxşı mənimsənilməsinə və ingilis dilində oxuyan tələbələrin dil bacarıqlarının inkişafına xidmət edir.